Qazaxıstanda X.Ə.Yəsəvi adına Türküstan Beynəlxalq Qazax-Türk Universitetində türk xalqlarının dostluğuna həsr olunmuş festival keçirilib. Tədbirdə Türküstan vilayəti Qazaxıstan Xalqları Məclisinin üzvləri, etno-mədəni cəmiyyətin üzvləri, tələbələr və ictimai fəalları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə etno-mədəni cəmiyyətlərin nümayəndələrinin təşkil etdiyi milli yeməklərdən və suvenirlərdən ibarət sərgi də nümayiş olunub.
Festival çərçivəsində türk xalqlarının xüsusi bayram konserti təqdim edilib. İstedadlı gənclər türk xalqlarının birliyini, dostluq və vətənpərvərlik ruhunu tərənnüm edən mahnılar ifa ediblər.
Tədbirdə iştirak edənlər Türküstan vilayətinin “Qarabağ” Azərbaycan Etno-mədəni birliyinin üzvləri, ali məktəbdə təhsil alan tələbələr öz milli adət-ənənələrini, milli rəqslərini nümayiş etdiriblər. Milli mətbəximiz, rəqs və musiqi nömrələri rəğbətlə qarşılanıb.
Festivalın keçirilməsində məqsəd gənclər arasında türk birliyinin təbliğatı, vətənpərvərlik ruhunun inkişaf etdirilməsidir.