Muğam

Azərbaycanın musiqi folklorunda mahnı, rəqs musiqisiylə bərabər xalqın şifahi professional ənənələrinin janrları da yaşayıb inkişaf edirdi. Onlardan ən önəmlisi muğamlar idi. Muğamlar Azərbaycanın, eyni zamanda Yaxın və Orta Şərq xalqlarının milli klassik musiqisinin zirvəsi, dərin, mürəkkəb məzmun, ideya, emosional məna daşıyan xalq vokal instrumental kompozisiyanın ən yüksək yaradıcılıq nümunəsidir.

Qədim zamanlardan başlayaraq, əsrlər boyu muğamın tədricən inkişafı onun formalaşmasına, kamilləşməsinə səbəb olmuşdu. Şərq klassik musiqisində muğamat, muğam dəstgahı, (yəni siulin tamı, hərfi mənada komplekti), 12 muğamdan – Üşşaq, Nəva, Əbusəlik, Rast, İraq (Əraq), İsfahan, Zirəfkənd, Büzrük (Bozorq), Zəngulə, Rəhavi, Hüseyni, Hicaz, – 24 şöbədən, 48 guşədən, 6 avazdan, rəng və təsniflərdən ibarətdir. Azərbaycan musiqisində muğam termini iki mənada işlənir. Birinci – lad termininin eynidir. Hal-hazırda Azərbaycan xalq musiqisində 7 əsas lad, yaxud muğam: Rast, Şur, Segah, Çahargah, Şüştər, Bayatı-Şiraz, Humayun və əlavə bir sıra muğamlar mövcuddur. İkinci – muğam çox hissəli formaya malik son dərəcə mürəkkəb və maraqlı, yalnız özünəməxsus quruluşa malik musiqi əsəri mənasındadır. Muğamı formasına görə süita-rapsodiya, simfoniya ilə də müqayisə edirlər. Bu əsər özü bir lad, muğam üzərində qurulur və muğamın müəyyən edilmiş ciddi qayda-qanunları çərçivəsində inkişaf edir. Muğam ifaçıları isə xanəndə və onu müşayiət edən sazəndə dəstəsi (üçlük-tar, kamança, dəf) və yaxud solo insturumentalistlər özlərinin yaradıcılıq fantaziyası, bacarığı, istedadından asılı olaraq, əsrlər boyu bu muğam əsərinə müxtəlif dəyişikliklər, yeni çalarlar, xallar, zəngulələr və s. daxil etmişlər. Xanəndələr muğamları məşhur şairlərin – Xaqani, Nizami, Nəsimi, Füzuli və başqalarının lirik fəlsəfi qəzəlləri üstündə ifa edirlər.

Muğam dəstgahlarında muğamın improvizasiya hissələri dəstgahın dəqiq metroritmik parçaları olan vokal təsnifləri və instrumental rəngləri ilə növbələşir. Azərbaycan muğamlarında başqa xalqların muğamlarından fərqli olaraq improvizə daha çoxdur, daha parlaqdır. Ona görə professional muğam ifaçıları həm də bu muğamların yaradıcısı kimi çıxış edirlər. Azərbaycanın instrumental vokal muğamlarının bir növü də zərbi-muğamlardır. Bura: “Heyratı”, “Arazbarı”, “Ovşarı”, “Mənsuriyyə”, “Simai-şəms”, “Kərəmi”, “Kəsmə-şikəstə”, “Qarabağ şikəstəsi” daxildir. Bu muğamların əsas fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, xanəndənin vokal muğam improvizə partiyasının dəqiq metroritmik müşayiəti olur. Özü də müşayiətdə, sazəndələr triosunda əsas yer “dəf”ə və ya “dəf” ilə “nağara”ya verilir. Ölçü çox vaxt iki vurğulu olur. Zərbi muğamların vokal partiyası üçün yuxarı registrdə başlayan zəngin ornamentli melodiya xasdır.