Rəqs

Azərbaycanda xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir. Əksər dünya xalqlarında olduğu kimi, azərbaycanlılarda da ilk rəqslər ritual və ov rəqsləri olub.

Erkən orta əsrlərdən başlayaraq əsasən mərasim rəqslərindən müxtəlif növ xalq rəqsləri formalaşmağa başlamışdır.

Azərbaycan xalq rəqsləri mövzu baxımından rəngarəngdir; onlar bu növlərə bölünür – əmək, mərasim, məişət, qəhrəmanlıq, idman, xorovod-oyun  (məsələn, “Yallı”, “Halay”) və s. Davametmə müddətinə, rituallarının zənginliyi və rəngarəngliyinə görə toy mərasimi ən əhəmiyyətlisidir.

Azərbaycan xalq rəqsi, bir qayda olaraq, 3 hissədən ibarətdir: birinci hissə sürətlidir, dairə üzrə rəqs; ikinci hissə lirikdir, rəqqas sanki yerində donub qalır (“süzür”), korpus qəti və vüqarlı tərzdə dik tutulur; uçüncü hissədə – yenə dairə üzrə rəqs, sürətli, təntənəli və böyük emosional coşğunluqla səciyyəvi olur. Qadın və kişi rəqsləri bir-birindən kəskin şəkildə fərqlənir. Qadın rəqsinin inkişafı kostyumla şərtlənmişdir: uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirirdi, rəqqasələrin bütün diqqəti əl və korpusun yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) işlənmiş texnikasına cəmlənir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların texnikasıdır. Rəqqas çevikliklə barmaqları üzərində dayanır, dizləri üstündə sürətlə yerə enir və s.

Azərbaycan rəqslərinin musiqi həcmi – 6/8 və 3/4 –dür. Rəqslər adətən xalq çalğı alətlərinin: zurnaçılar triosu (2 zurna və 1 nağara), sazəndə triosu (tar, kamança, dəf) və s. müşayiəti ilə ifa olunur.

 

Ən geniş yayılmış milli rəqslər bunlardır:

  1. Abayı
  2. Alçagülü
  3. Asma Kəsmə
  4. Asta Qarabağı
  5. Avarı
  6. Ay bəri bax
  7. Azərbaycan
  8. Bənövşə
  9. Birilliant
  10. Çalpapaq
  11. Camış bağa girdi
  12. Çattadı
  13. Cəhribəyim
  14. Cəngi
  15. Ceyrani
  16. Çit tuman
  17. Darçını
  18. Dartma, yaxam cırıldı
  19. Dəsmalı
  20. Ənzəli
  21. Gəlin atlandı
  22. Gəlin gətirmə
  23. Gəlin havası
  24. Gülgəz (rəqs)
  25. Gülməyi
  26. Heyvagülü
  27. İki arvadlı
  28. İnnabı
  29. Keçi məməsi
  30. Kəndiri
  31. Kəsmə
  32. Koroğlu
  33. Koroğlunun qaytarması
  34. Lalə
  35. Mirvari
  36. Mirzəyi
  37. Misri
  38. Mücəssəmə
  39. Naznazı
  40. Pəhləvanı
  41. Qaytağı
  42. Qazağı
  43. Qıtqılda
  44. Qızılgül
  45. Qızlar bulağı
  46. Qoçəli
  47. Qofta
  48. Rəngi
  49. Şahsevəni
  50. Şalaxo
  51. Samux
  52. Sarıbaş
  53. Şəki
  54. Səməni
  55. Tamara
  56. Tərəkəmə
  57. Toy rəqsi
  58. Turacı
  59. Üç badam, bir qoz
  60. Uzundərə
  61. Vağzalı
  62. Velaçola
  63. Xalabacı
  64. Xançobanı
  65. Yallı
  66. Yerli rəqs
  67. Yüz bir
  68. Zoğalı