Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Hələ 1933-cü ildə “Azərbaycanfilm” studiyasının işçiləri kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri aparmış, Moskvadan lazımi materialları alıb gətirmişdilər. Onlar həmin il “Lökbatan” və “Neft simfoniyası” (rej. B.Pumpyanski) sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə etmişdilər. “Cat” təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir.
Məhz bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara aldı. Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürüldü. Ssenarini A.Papov yazdı. “Abbasın bədbəxtliyi” adlanan bu ssenariyə gənc rejissor E.Dikaryov quruluş verdi. Rəsmləri rəssamlardan Q.Xalıqov, C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyev çəkmişlər. Filmin operatoru Q.Yegiazarov idi.
Bundan başqa Böyük Vətən müharibəsi başlamamışdan bir qədər əvvəl studiyada ikinci cizgi filminin çəkilişlərinə hazırlıq görülmüşdür. Filmin adı belə idi: “Sindbad dəniz səyyahıdır”. Bu, səsli film olmalı idi. Lakin təəssüf ki, müharibənin başlanması ilə əlaqədar işlər yarımçıq qaldı.
Qeyd etmək lazımdır ki, bundan sonra da kinostudiyada yüzlərlə elmi-kütləvi və sənədli filmlərin çəkilişində cizgi rəsmlərindən istifadə edilmişdir. Bu filmlərin yaradılmasında rəssamlardan C.Zeynalov, M.Rəfiyev, A.Axundov, N.Məmmədov, B.Əliyev, quraşdırma çəkilişləri operatoru A.Milov iştirak etmişlər.
60-cı illərin sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı. Multfilmlərin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu yaradılmışdır. Multfilm sənətinin sirrlərini öyrənmək üçün studiyada xüsusi kurslar açılmışdır.
1968-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexi bərpa olunandan sonra direktor Ə.İsgəndərov sexin istifadəyə verilməsinə və cizgi filmləri üzrə kadrların hazırlanmasına, eyni zamanda cizgi filmlərinin istehsalı prosesinə diqqət yetirirdi.
Nəhayət, 1969-cu il fevralın 28-də “Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filmin istehsalı başa çatdırıldı. “Cırtdan” kinostudiyanın cizgi filmləri sexinin bərpasından sonra çəkilmiş birinci film oldu. Film 1969-cu ildə ekranlara buraxıldı və uzun müddət kinoteatrlarımızın ekranlarından düşmədi. Beləliklə, “Cırtdan”ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixində ikinci dövr başlandı.
70-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq cizgi filmi istehsal olunmuşdur. 1970-ci ildə multiplikatorlar kinonun bu növündə üç filmə ekran həyatı vermişdilər. Bunlardan ikisi “Ayı və siçan” (rej. N.Məmmədov) və “Şir və öküz” (rej. A.Axundov) mikrofilmlərdir. İkinci film o vaxt “Kaleydoskop-71” Ümumittifaq kinoalmanaxına daxil edilmişdir. Üçüncü – “Fitnə” (rej. A.Axundov) rəngli applikasiya filmidir. Bu film isə dahi Azərbaycan şairi N.Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında çəkilmiş, təsvirin işlənməsi (rəssam E.Rzaquliyev) orta əsr Azərbaycan miniatür sənəti üslubunda həll olunmuşdur.
“Pıspısa xanım və Siçan bəy” (1974) və “Cücələrim” (1980) cizgi filmlərində (rej. A.Axundov) orijinal plastik həllin axtarışları aydın nəzərə çarpır. 1971-ci ildə A.Şaiqin eyniadlı əsəri əsasında çəkilmiş “Tülkü həccə gedir” (rej. N.Məmədov, B. Əliyev) cizgi filmi istər üslub, istərsə də sənətkarlığa görə ən maraqlı işlərdəndir. “Çaqqal oğlu çaqqal” kukla filmi (1972, rej. M.Rəfiyev) ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.
Filmlərin yaradılması üzərində rəssam – multiplikatorların böyük qrupu işləmişdir. A.Axundov, N.Məmmədov və M.Rəfiyevdən başqa M.Pənahi, B.Əliyev, H.Əkbərov, F.Quliyeva, Ə.Məmmədov da kinostudiyada cizgi filmləri yaratmışlar.
“Bulud niyə ağlayır” (1973, rej. M.Pənahi) filminin mövzusu milli folklorumuzdan götürülmüşdür. Təsvirin həlli klassik şərq miniatürünə əsaslanır. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında animasiya filminə I mükafat verilmişdir.
“Cırtdanın yeni sərgüzəşti” filmi (1973, rej. N.Məmmədov və B.Əliyev) kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik üzvi şəkildə bir-birinə bağlanmışdır. “Şahzadə – qara qızıl” film-nağılı (1974, rej. N.Məmmədov və B.Əliyev) poetik formada insanın yerin altından, dənizin dibindən qara qızıl çıxarmasından söhbət açır.
“Günlərin bir günündə” (1975), “Dınqıl sazım, dınqıl” (1976), “Pəncə…Qulaq…Palaz…Tikan” (1976) cizgi filmlərində (rej. M.Pənahi) ibrətamiz məsələlərə toxunulur.
“Şah və xidmətçi” filminin də (1976, rej. N.Məmmədov) əsasını N.Gəncəvinin əsərinin motivləri təşkil edir. Burada Azərbaycan oxucusuna çox yaxşı məlum olan sədaqətli nökər və amansız, qəddar şahın əhvalatı ekranda canlandırılmışdır.
Qarışıq texnikada işlənilmiş “Arzunu yarat” filmində (1977, rej. F.Qurbanova) eksperiment aparılmış, burada aktyor və animasiyadan istifadə edilmişdir. Bunu film-klip də adlandırmaq olar.
Bu illərdə müstəqil olaraq iki film – “Daş” və “Kirpi balası və alma” cizgi filmləri (1977, rej. H.Əkbərov) yaradılmışdır. Böyüklər üçün nəzərdə tutulmuş birinci film dünya xalqlarını müharibələrin qadağan edilməsi, yer üzündə sülhün bərqərar olması uğrunda həmrəyliyə çağırır. İkinci film bizi canlı təbiəti qorumağa səsləyir.
“Toplan və kölgəsi” (1977), “Sonrakı peşmançılıq” (1978) və “Sehrlənmiş küpə” (1979) cizgi və applikasiya filmlərində də (rej. N.Məmmədov) xeyirxah, nəcib olmağın vacibliyindən, əməksevərlikdən, böyüklərə hörmətdən və digər insani keyfiyyətlərdən danışılır.
“Qız qalası əfsanəsi” cizgi filmi (1978) adından göründüyü kimi Azərbaycan xalq əfsanəsinin motivləri əsasında yaradılmışdır.
80-ci illərdə kinostudiyada 38 adda cizgi filmi istehsal olunmuşdur. Bunlardan “Cücələrim”, “Meşəyə insan gəlir”, “Sehrli ağac”, “Taya”, “Dəcəl dovşan”, “Sandıq”, “Sən belə cumbulusan”, “Sehrli ləçək “, “Uçan zürafə”, “Qəribə əjdaha”, “Təqib”, “Yatmaq vaxtıdır”, “Balaca çoban”, “Humayın yuxusu”, “Sakit Yonun macəraları”, “Ana ağaca qonub” və s. cizgi, “Xeyir və Şər”, “Cırtdan-Pəhləvan”, “Uşaq və külək”, “Akvarium”, “Cırtdan və div”, “Yeni il əhvalatı”, “Sehrli naxışlar” applikasiya üsulu ilə çəkilmişdir.
80-ci illərin əvvəllərində çəkilmiş “Cücələrim” adlı cizgi filmi (rej. A.Axundov) tez bir zamanda populyar olmuşdur.
N.Gəncəvinin “Xeyir və Şər” əsərinin motivləri əsasında çəkilmiş eyniadlı applikasiya filmi (rej. N.Məmmədov) böyüklər üçün nəzərdə tutulmuşdur. Kinolentdə susuz səhrada Xeyirin ürək genişliyi ilə xeyir iş görməsindən və buna cavab olaraq Şərin göstərdiyi bədxah əməllərdən danışılır. “Akvarium” applikasiya filmi (rəssam-rejissor F.Qurbanova) poetik filmdir. Burada quraşdırma çəkilişlərindən istifadə edilmişdir. Applikasiya personajları ilə yanaşı filmdə canlı oğlan da fəaliyyət göstərir. 1984-cü ildə Murmansk şəhərində (Rusiya) təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsində cizgi filminə münsiflər heyətinin diplomu və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin Fəxri fərmanı verilmişdir.
Kinostudiyada yarıqabarıq kukladan ilk dəfə “Münəccimin şagirdi” filmində (rej. A.Məhərrəmov) istifadə olunmuşdur. Xalq nağılları əsasında yaradılmış bu filmdə asan yolla varlanmaq istəyən, acgözlük nəticəsində gülünc vəziyyətlərə düşən bir yeniyetmədən danışılır.
“Bir axşam…” (rej. və rəssam F.Qurbanova) filmi – cizgi, qarışıq, ekler filmidir. Özünəməxsus üslub həlli, müvəffəqiyyətli musiqi sərxoşluq və alkoqolizm əleyhinə olan bu filmin ictimai pafosunu bir az da qüvvətləndirir. Burada aktyor oyunu və rəsmlərlə qurulmuş səhnələr vardır. Filmdəki hadisələr adi bir otaqda, səkkiz yaşlı qız uşağının gözləri önündə baş verir. 1986-cı ildə Alma-Atada XIX Ümumittifaq kinofestivalında film aktual mövzunun orijinal həllinə görə münsiflər heyətinin xüsusi prizini almışdır. Adlarını çəkdiyimiz kinolentlərdən başqa 80-ci illərdə daha bir neçə cizgi filmi, o cümlədən “Yaz oyunları”, “Nar ağacının nağılı”, “Qaravəlli”, “Gəldi kosa”, “Xrizantema yarpağı”, “Çətin məsələ”, “Arzular…arzular…”, “Lovğa fil balası”, “Talada ev” və s. yaradılmışdır.
Bütün bunlarla bərabər ümumilikdə götürdükdə Azərbaycan cizgi filmlərinin bədii keyfiyyəti heç də eyni səviyyədə deyildi. Bunun bir neçə səbəbi var idi: birincisi kadrların hazırlığı, peşəkarlığı, ikincisi isə texniki avadanlığın, xüsusilə boyaların kasadlığı ilə əlaqədardır.
80-ci illərin sonunda ölkədə gedən ictimai-siyasi proseslər, bunların bütün səhələrə, o cümlədən yaradıcı təşkilatlara təsiri, “Azərbaycanfilm”in yeni iş üsuluna keçməsi ilə əlaqədar yollar axtarması kinostudiya nəzdindəki birlik və şöbələrin müstəqil fəaliyyət göstərməsinə təkan verdi. 1990-cı ilin aprel ayında Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib, “Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi oldu. “Azanfilm” – Azərbaycan animasiya filmləri deməkdir. Nə üçün multiplikasiya yox, məhz animasiya? Ona görə ki, bütün dünyada multiplikasiya (çoxalma) kimi kinematoqraf növü animasiya (canlandırma) adlandırılmışdır.
90-cı illərdə “Azanfilm” markası altında 19 cizgi filmi çəkilmişdir. Bunların arasında “Bir dəfə haradasa…” (rej. V.Talıbov), “İthaf” (rej. Ş. Nəcəfzadə), “Oda” (rej. V.Talıbov, R.İsmayılov), “Sərkəyin dastanı” (rej. A.Məhərrəmov), “Göyçək Fatma”, “Karvan” (rej. N.Məmmədov), “Güzgü”, “Dəniz gəzintisi”, “Ümid” (hamısı rej. E.Axundov), “Söhbətül-əsmar ” (rej. E.Hami), “Şüəla” (T.Piriyev) maraqlı və baxımlı ekran əsərləridir.
“Bir dəfə haradasa…” cizgi filmi bizim günlərdə baş verən hadisələr haqqında siyasi satiradır. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsində ən yaxşı cizgi filminə görə rejissor V.Talıbova priz və diplom verilmişdir.
“İthaf” applikasiya filmi Stalin repressiyasının qurbanlarına həsr edilmişdir. 1991-ci ildə Oberhauzen Beynəlxalq kinofestivalında animasiya filmi diplomla təltif olunmuşdur. 1991-ci ildə Kiyevdə “KROK-91” Beynəlxalq animasiya filmləri federasiyasının (ASİFA) festivalında ən uğurlu debüt üçün mükafata layiq görülmüşdür. 1991-ci ildə Bakıda “Şərqdən baxış” Beynəlxalq kinofestivalında ən yaxşı animasiya filminə görə mükafat almışdır.
“Oda” cizgi filmində dahi bəstəkar Bethovenin 9-cu simfoniyasından sevinc odası səslənir. Kinolent həyatın mənası, yaradıcılıq haqqında fəlsəfi düşüncələrdir.
S.S.Axundovun “Qorxulu nağıllar”ının motivləri əsasında çəkilmiş “Ümid” cizgi filmi “Bizim naməlum kino-2” festivalında rejissora pul mükafatı və priz qazandırmışdır.
“Söhbətül-əsmar” applikasiya filmi dahi Azərbaycan şairi M.Füzulinin anadan olmasının 500-illik yubileyinə həsr olunmuşdur. Təsvirdə müəlliflər əsasən miniatürçü rəssam Soltan Məhəmməd Təbrizinin əsərlərinə əsaslanmışlar. 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsində ən yaxşı cizgi filminə görə rejissor diplom və prizlə təltif olunmuşdur.
Bəstəkar Soltan Hacıbəyovun məşhur “Karvan” əsəri əsasında çəkilmiş “Karvan” cizgi filmi üç novelladan ibarətdir: birincisi qədim insan məskəni Qobustandan söhbət açır. İkinci novellada Şərq və qadın mövzusuna toxunulmuşdur. Üçüncü novella 20 Yanvar və Xocalı faciələri barədə danışır.