Memarlıq

Memarlıq  –  insanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən bina və qurğular sistemidir. Bu bina və qurğuların gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir. Monumental memarlıqla bərabər tarix boyu xalq memarlığı da inkişaf edib. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.

Azıx mağarası
Azıx mağarası

Memarlıq tarixinin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət, Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misaldır.

Azərbaycanda Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri – kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri geniş yayılıb. Hündür daşlardan quraşdırılmış bu qurğular el arasında “qalaça”, yaxud “hörükdaş” adlanır. Naxçıvan şəhərinin yaxınlığındakı Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilindəki Qaratəpə divarındakı Oğlanqala (e.ə. II-I minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir. Güney Azərbaycanın ərazisində, Araz yaxınlığında da qala tikililəri (Bastam, Danalı, Qalaoğlu və s.) aşkar edilib.

Əskipara monastırı
Əskipara monastırı

Azərbaycan ərazisində e.ə. IX-VII əsrlərdə şəhərlər əmələ gəlib, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Həsənli rayonunda abidələr kompleksi, Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabələrin tədqiqi göstərir ki, Azərbaycanda VII əsrdən eyvanlı mənzil tipi təşəkkül tapmışdır. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları dövrümüzə kimi gəlib çatmışdır.

Cavanşir qalası
Cavanşir qalası

VII əsrdən Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişmişdir. Memarlıqda yeni tipli binaların – məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt olmuşdur. Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilmişdir. Bunlardan indiki İsmayıllı rayonu ərazisində Cavanşir qalası (təqribən VII əsr), Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V-VIII əsrlər), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV-VIII əsrlər) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunda alban kilsəsi (I əsr) və s. diqqəti cəlb edir.